Şərab, hurilər və Allahı görmək – kimin cənnətində nə var? | ARAŞDIRMA

Şərab, hurilər və Allahı görmək – kimin cənnətində nə var? | ARAŞDIRMA
  12 Mart 2014    Oxunub:15689
(Əvvəliburada)

Xristian esxatalogiyasına görə isə cənnət 10 təbəqədən ibarətdir. Bu təbəqələr barədə ilk dəfə Dante “İlahi komediya” əsərində söz açıb. Bir çox təriqətlər indi də Dante kimi, Cənnətin təbəqələrini Yer-Günəş sisteminə aid göy cismləri ilə eyniləşdirirlər.


Bu təsəvvürlərə görə, cənnətin birinci təbəqəsi (Ay) – borcuna sadiq qalanların, 2-ci təbəqə (Merkuri) – günahsız qurbanların, 3-cü təbəqə (Venera) – aşiqlərin, 4-cü təbəqə (Günəş) müdriklərin, 5-ci təbəqə (Mars) – din uğrunda vuruşub ölən şəhidlərin, 6-cı təbəqə (Yupiter) - ədalətlı rəhbərlərin, 7-ci təbqə (Saturn) – rahiblərin və ilahiyyatçıların ruhlarının məskənidir. 8-ci təbəqə ulduzlar sferası, 9-cu ilkin təkan aləmi, 10-cu isə Empirey – Tanrının məskəni hesab edilir. 10-cu təbəqəni Parlaq Çay və Şəfəq saçan Qızıl gül də adlandırırlar.

Cənnətə kimlər girəcək?

İslam dini dürüst, kamil insanların, o cümlədən şəhidlərin, əliaçıq, xeyirxah, mərhəmətli insanların maneəsiz olaraq cənnətə girəcəyinə əmin edir. Məhəmməd Peyğəmbər deyib: "Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm".

Başqa bir hədisdə isə islam peyğəmbəri cənnət arzulayan ardıcıllarından 6 keyfiyyət istəyir: "Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm: Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi harama baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın".

Quran cənnətin heç də asanlıqla əldə edilən bir yer olmadığını bəyan edir: "Həqiqətən, Allah möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun" (Tövbə surəsi, 111).
Başqa sözlə, islama görə, cənnəti yalnız çətinliklər və məhrumiyyətlər yolu ilə qazanmaq olar. Bu fikri təsdiqləyən bir çox hədislər də mövcuddur. Həzrət Əliyə aid edilən bir hədisdə deyilir: "Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır".
İman Bağır isə belə deyib:"Cənnət çətinliklər və səbrlə əhatə olunub. Dünyada çətinliklərə səbr edən Cənnətə daxil olar…"
İmam Rzaya aid bir hədisdə bu fikir belə davam etdirilir: "Cənnəti istəyən və eyni halda çətinliklərə səbr etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır".

Vedalara görə, insan yaxşı əməllərinə görə svarqalokalardan birində həzz dolu həyata yüksələ bilər. Lakin əbədi ruhi səltənətə nail olmaq üçün təkcə xeyirxah əməllər kifayət etmir. Bunun üçün insan ən yüksək dəyər olan İlahi məhəbbətə - Tanrının hər bir canlı məxluqa olan əbədi, səmimi məhəbbətinə adekvat qarşılıq verə biləcək səviyyəyə yüksəlməlidir. Bu səviyyəyə gedən yol özünüdərk elmi adlanır. Özündə hisslərə nəzarət, meditasiya, maddi bağlılıqlardan imtina və s. kimi elementləri də birləşdirən bu prosesin başqa bir adı da yoqadır. Yoqa – əlaqə, əlaqələndirmə kimi tərcümə edilir və Tanrı ilə əbədi əlaqənin bərpa edilməsini nəzərdə tutur. Yoqa sistemlərinin son mərhələsi Bhakti-yoqa (Tanrıya saf sədaqətli xidmət) adlanır. Yalnız bu mərhələdə kamilliyə çatanlar əbədi dünyaya qayıda bilərlər.

Cənnət qadınları – Hurilər

İsamda möminlərə dadlı meyvələr, ət, şərab və s. kimi ceşidli maddi həzz vasitələrinin sırasında gənc və bakirə xanımlarla – hurilərlə intim münasibətlər də vəd edilir. Təbii ki, bu, yalnız kişilərə aiddir. “Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var” (əl-Bəqərə, 25).

Cənnətdə seks vədinin qadın müsəlmanlara aidiyyatı açıq suallar sırasındadır.

Hədislər və Quran ayələrinə əsasən, hurilər ağ dərili və qara gözlü gözəllərdir. Onların nə bədənlərində, nə də ruhlarında bir nöqsan yoxdur. Möminlər öz gözəl döşəklərində uzanaraq Cənnət meyvələrindən və huriləri ilə ünsiyyətdən həzz alacaqlar. Cənnətə ucalan hər bir möminin bir neçə (bəzən 70 və ya 77-yə qədər) hurisi olacaq. Hurilər indiyiədək başqa bir kişi ilə ünsiyyətdə olmayıblar: “Orada gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır… Onlar (o qadınlar rəng və gözəllikcə) sanki yaqut və mərcandırlar (ər-Rəhman,56-58).
"Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik (əl-Vaqiə, 35-37).

Ənəsin danışdığı bir hədisdə Peyğəmbərin huriləri belə tərif etdiyi deyilir: “Əgər cənnət qadınlarından biri bu dünyaya gəlsəydi, onun nuru bütün aləmə yayılar və hər şeydən onun xoş ətri gələrdi” (əl-Buxari, Müslim).

Tanrının görünməsi

Müqəddəs kitablarda və dini ədəbiyatda axirət mövzusunun ən mübahisəli məqamlarından biri cənnət sakinlərinin Tanrını görə bilmə şansı hesab edilir. Bəzi İslam təriqətləri tanrını görməyin mümkünlüyünü rədd etsə də, bu şansı cənnətin ən gözəl neməti sayanlar da var. Bu mövqeni dəstəkləyənlərin istinad etdiyi Quran ayələrindən biri əl-Qiyamə surəsindəndir: “O gün neçə-neçə üzlər sevinib baxacaqdır!” (əl-Qiyamə,22-23).

Onlar haqlı olaraq, Quranda Tanrının dili ilə işlədilən “Mənim Dərgahım” ifadəsinin də bu ehkamı qəbul etməyə əsas verdiyini deyirlər. Yəni, “Mənim dərgahıma dönəcəksiz”,- deyə vəd etdiyi əbədiyyət aləmi Tanrının görünmədiyi halda, necə Ali Məskən (dərgah) hesab edilə bilər?

Əksər dinlərin qəbul etdiyi kimi, Tanrı əslində hər yerdədir, amma onu heç də hər yerdə görmək mümkün deyil. Amma onun “Dərgahım” deyə fərqləndirdiyi yerdə də Tanri görünmürsə, o zaman bu “Dərgah”ın qalan yerlərdən fərqi nədədir?

“Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcüddür!” (Qaf, 35). Bu əqidənin ardıcılları Abdullah ibn Ömərə aid edilən bir hədisə də istinad edirlər: “Sizlərdən ən yaxşıları səhər və axşam öz Tanrısını görənlər olacaq”. Oxşar bir hədis isə Əbu Zeyd əl-Buxarinin dilindən danışılır: “Allahın elə qulları var ki, əgər onları Allahdan bircə saatlığa ayırsan, onlar Tanrıdan Cənnətə görə imdad diləyəcəklər, necə ki, Cəhənnəm əhli Yaradana oddan xilas olmaq üçün yalvarır”.

Oxşar fikirlərə yəhudi ilahiyyatçıları arasında da rast gəlirik. 12-ci əsr yəhudi filosofu Maymonid cənnəti Tanrı ilə qovuşmanın sevinci, cəhənnəmi isə əbədiyyətdən məhrumolma kimi yozurdu (Maymonid, Tşuva, 8:1, 5).

20-ci əsr yəhudi filosof və nəzəriyyəçisi Мartin Buber də Tanrının şəxsiyyət olduğunu qeyd edir, onunla canlı varlıqlar arasında ünsiyyətin vizual müstəvidə mümkünlüyündən danışır: “O – “Əbədi Sən”dir, insanla əbədi dialoqda ali həmsöhbətdir. Ona konkret təsfir vermək nə qədər çətin də olsa, bütün sirliliyinə, dərkolunmazlığına rəğmən, insana onun öz “mən”indən daha yaxın ola bilir”.

Xristianlara gəlincə, onların heç bir təriqəti Tanrını nəinki, ruhi dünyada və ya cənnətdə, hətta bu dünyada da görə bilməyin mümkünlüyünə şübhə etmirlər. Bununla belə, xristian ilahiyyatçıları arasında da Tanrını görməyin mümkünlüyünü, hətta cənnətin təsfirlərini şübhə altına alanlar var. Məsələn, erkən xristianlıq dövrünün din islahatçılarından olan Böyük Afanasi (298—373) adətən, materialistlərin səsləndirdiyi “oradan qayıdan olmayıb” məntiqinə əsaslanır: “Ölənlərin ruhunun hara getməsi - insanlara məlum olmayan, sirli və sehrli bir sualdır. Tanrı oradan kiminsə qayıtmasına icazə verməyib ki, o da gəlib bizə ölənlərin ruhunun harada və necə olmasından danışsın”.

“Drevo” Pravoslav Ensiklopediyası Afanasinin bu fikrinin tam ziddinə olaraq, Səma Çarlığının təsvirini verir. Mənbə, təkcə bu terminin açıqlaması ilə də çox şey deyir: “Səma Çarlığı – möminlərin, pis əməlindən peşman olub təmizlənən günahkarların Tanrı ilə əbədi həyat üçün qovuşduğu məkandır”.

Həyat ağacı

Dini mənbələr əksər hallarda cənnəti zəngin bağları olan bir yer kimi xarakterizə edirlər. “İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver; onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır” (əl-Bəqərə, 25). “(Onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; çəkilməyən (daimi) kölgəliklərdə; axar su kənarında; tükənməz və qadağan edilməyən (meyvələr) içində… olacaqlar!” (əl-Vaqiə, 28-34).

Yəhudi dini ədəbiyyatında da oxşar mənzərələrə rast gəlirik. Burada təqdim edilən cənnətin – Edem bağının ən qiymətli ağacı Həyat ağacıdır.

Həyat ağacı ən az diskussiya obyekti hesab edilsə də, bu barədə nə xristian, nə də yəhudi ilahiyyatçıları yekdil fikrə gələ bilmirlər: “Mənası tam aydın olmasa da, “həyat ağacı” ifadəsi ətrafında mübahisələr daha azdır. Ehtimal ki, bu ifadə ölümsüzlük kimi qəbul edilməlidir. Görünür, Adəm əbədi yaşamalı idi. Lakin qadağanı pozaraq (Yaradılış, 2:16-17) ... özünü əbədiyyətdən məhrum edib” (Yevrey Ensklopediyası).

Cənnət planetlərində bitən həyat ağacı barədə Bibliya təsəvvürlərinin anoloqu Vedalarda da var. Burada həmin ağac “arzu ağacı” (kalpa-vrikşa) adlanır. Arzu ağacları ilboyu gözəl meyvələr yetirən xöş ətirli bitki kimi təsvir olunur. Onun ən maraqlı keyfiyyəti isə istəinilən arzunu yerinə yetirməsidir. Bu ağac ona yaxınlaşan kəslərin arzusunu duymaq, onu dərhal yerinə yetirmək xüsusiyyətinə malikdir.

Edem bağı haqqında Bibliya təsfirləri müəyyən məqamları ilə daha qədim mifalogiyalardakı cənnəti xatırladır. “Laqaş hökmdarları” adlı qədim şumer yazılı abidəsində də dünyanın yaranması, “Bilqamıs dastanı”nın fraqmenti olan “Enki və Ninxursaq”da isə cənnət bağının təsvirləri yer alıb. İkincidə itirilmiş əbədiyyət mövzusuna da toxunulur.

Bu mövzunun daha ətraflı təsvirinə isə akkadlara məxsus Adap əfsanəsində rast gəlirik. Bu əfsanədəki cənnət bağı Bibliya mətnlərini xatırltsa da fərqlər də çoxdur. Adap əfsanəsində ölüm insanın iradəsindən asılı olmayaraq gələn bir reallıq kimi xarakterizə olunur. Bibliyada isə ölüm digər bəbəxtliklərlə bir sıraya qoyularaq insanın pis əməllərinə görə cəza kimi qiymətləndirilir.

İslam fəlsəfəsində də ölüm və əbədiyyət anlamlarına yanaşma xristianlıq və yəhudiliyin eynidir. Veda fəlsəfəsi isə bu məsələdə Adap əfsanəsi ilə həmfikirdir. Belə ki, Vedalar ölümü bir cəza kimi yox, maddi mövcudiyyatın qaçılmaz sonluğu kimi dəyərləndirir. Ruh əbədi dünyanın subyekti olduğu üçün ölümsüzdür. Əbədi ruhi qığlçımın – ruhun bu dünyada təzahürü isə müvəqətidir. İstənilən maddi forma müvəqqətidir və bu mövcudiyyatın sonu - ölüm, ruhun varlığının sonu demək deyil.

Tövrat və Zəburda Qan Edenlə bərabər “pardes” sözünə də rast gəlirik. Bu sözün fars mənşəli olması, “bağ” mənası daşıması Bibliya tədqiqatçıları tərəfindən də qəbul edilir. Amma bu söz heç bir halda səmalardakı cənnət kimi yozulmur.

Ümumiyyətlə, cənnət və cəhənnəm barədə yəhudi təsəvvürlərinin sonadək aydın olmadığını ilahiyyatçılar da etiraf edirlər. Bəzi təriqətlər ruhların cənnət və cəhənnəmə qiyamətdən, bəziləri isə ölümdən dərhal sonra gedəcəyinə inanır. Digərləri isə ümumiyyətllə, cənnət və cəhənnəm barədə Bibliya fikirlərinin rəmzi xarakter daşıdığını, belə aləmlərin əslində mövcud olmadığını düşünürlər.

Bu barədə mübahisələrin bir uğurlu sonu olmadığını bilən yəhudilər, hətta ortadoksal səviyyədə cənnət və cəhənnəm məsələsinə münasibətinə görə heç kimə irad tutmurlar. Bir sözlə, yəhudilikdə ciddi axirət ehkamı mövcud deyil. Yəhudi apokaliptik ədəbiyyatında bəzən cənnət hissi həzzlərə qapılmış insanların yaşadığı dünya kimi təsvir edilir: cənnət əhli qızıl masalar arxasında (Taan. 25) və ya ləl-cəvahiratlarla bəzədilmiş talvarların altında (Ruf R. 3.4) düzənlənmiş kef məclislərində təsvir edilirlər. Bəzi müəlliflər isə (məs. Dav) iddia edirlər ki, olam-ha-ba hər hansı hissi həzzlər, işgüzar münasibətlər yeri deyil.

Orta əsr rasionalist-filosofları hesab edirdilər ki, cənnət və cəhənnəmin ənənəvi təsvirləri obrazlı xarakter daşıyır və bunları birbaşa mənasında qəbul etmək yanlışdır. Mütəxəssislər Kabbalada təsvir edilən cənnətin əvvəlki variantlarda daha sadə olduğunu deyirlər: “... cənnət və cəhənnəm anlayışları dəyişdirilərək onun təliminə, xüsusilə də reinkarnasiya nəzəriyyəsinə uyğunlaşdırılib” (Yəhudi Ensiklopediyası).

Beləliklə, tanıdığımız dinlərin cənnətə dair məlumatlarının bir qismini bu yazıya toplamağa, müəyyən suallarınıza cavab tapmaqda köməkçiniz olmağa çalışdıq. Lakin bu yazıdakı məlumatların özündən də xeyli suallar törədiyi göz qabağındadır. Bu suallara cavab tapmağı isə sizə həvalə edirik. Axı, hər kəsin öz sualı da ola bilər.

Cəmşid Bəxtiyar
Azvision.az üçün



Teqlər:  





Xəbər lenti